Yeni İl bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 28-31 dekabr 2017-cı il tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir ki, yarmarkalar Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsində (Bakı kinoteatrının yaxınlığında), Nərimanov rayonu, Keşlə bazarının ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1 ünvanında (məktəbin arxasında), Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4 ünvanında (3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanında), Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsi, 53 ünvanında (“Elit” Ticarət Mərkəzinin yaxınlığında), Sumqayıt şəhərinin 12-ci mikrorayonunda və köhnə avtovağzalın yanında təşkil olunacaq.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları ərazilərə təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin ediləcək.
report.az