Molla Pənah Vaqifin 300 illik yubileyi Şimali Kiprdə qeyd olunub
25.12.2017

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdəniz Universitetinin (DAU) birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Əvvəlcə TÜRKSOY-un yaranması və fəaliyyət istiqamətlərini əks etdirən film nümayiş olunub.

Mərasimin rəsmi hissəsində TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və Doğu Akdəniz Universitetinin prorektoru, professor Cem Tanovanın çıxışları dinlənilib. Tədbirin DAU-da təşkil olunmasını yüksək dəyərləndirən natiqlər türkdilli xalqların görkəmli şəxsiyyətlərinin tanıdılmasını türk dünyasında həmrəylik çağırışı kimi qiymətləndiriblər.

Sonra Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, professorlar Cahangir Novruzov və Vüqar Sultanzadə Molla Pənah Vaqifin həyatı və yaradıcılığından, siyasi və dövlət işlərindəki fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Vaqifin əsrarəngiz poeziya yaradıcılığının və siyasi fəaliyyətinin əsasında onun fitri istedadı və yüksək intellekti dayanıb.

Qeyd olunub ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının əbəbiləşdirilməsi və yaradıcılıq irslərinin tanıdılmasına daim diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev Şuşa şəhərində M.P.Vaqifin məzarı üstündə məqbərə tikilməsini təmin etmişdi. Təəssüf ki, işğal etdikləri Azərbaycan torpaqlarında təbiətə, tarixi abidələrə, müqəddəs yerlərə qarşı soyqırımı həyata keçirən erməni vandallar Vaqifin də məqbərəsini dağıdıblar.

Məlumat verilib ki, Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı əsasında çoxsaylı tədbirlər təşkil olunub, onun əsərləri nəşr edilib. Bundan başqa, 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edən TÜRKSOY-un təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda və digər türkdilli ölkələrdə silsilə mərasimlər, kitab təqdimatları keçirilib.

Molla Pənah Vaqifin həyat və fəaliyyətini, zəngin poeziya irsini əks etdirən sənədli filmin nümayişindən sonra tələbələr şairin şeirlərini oxuyublar.

Çıxışçılara və tələbələrə TÜRKSOY-un diplomları təqdim olunub.

azertag.az