“Xəzər təzkirəsi” kitabının təqdimatı keçirilib
25.12.2017

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Xəzər təzkirəsi” kitabının təqdimatı keçirilib.

Qurumun katibi, kitabın “Ön söz” müəllifi İlqar Fəhmi almanax haqqında məlumat verib.

Bildirilib ki, kitab tarix üçün yazılan bir nümunədir: “Bu kitab AYB-nin Xəzər bölməsinin tarixinə nəzər salmaq üçün çox əhəmiyyətlidir. Şair yaradıcı insan olmaqla bərabər, eyni zamanda, elə bir ötürücü halqadır ki, vəzifəsi həm yaratmaq, həm də yetişdirməkdir. Bu missiyanı Xəzər bölməsinin rəhbəri Arif Buzovnalı öhdəsinə götürdü və uğurla başa çatdırdı”.

AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı almanaxda əsəri çap olunan ən qocaman şairin 87, ən gənc şairin isə 22 yaşı olduğunu bildirib.

Ədəbi-bədii tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-şairə Sona Xəyal və başqaları imzası tanınmış və gənc şairləri təbrik ediblər, kitab haqqında fikirlərini bölüşüblər.

Sonda şairlərin şeirlərini oxuyublar.

azertag.az