Dekabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti, professor Azərpaşa Nemətovu qəbul edib.
Nazirlikdən bildirilib ki, görüşdə Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərpaşa Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. Nazir deyib: “Dövlətimiz həmişə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqətlə yanaşıb. Mədəniyyət və incəsənət xadimlərinə daim qayğı göstərilib, onların yubileyləri, yaradıcılıq gecələri geniş şəkildə qeyd olunub”.
Ə.Qarayev Azərpaşa Nemətovun Azərbaycan teatrının inkişafında xüsusi xidmətlər göstərdiyini qeyd edib. Vurğulayıb ki, o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri vəzifəsinə gətirildikdən sonra teatrın fəaliyyətində ciddi irəliləyişlər olub: “İndi teatr öz repertuarını daha da zənginləşdirərək yeni-yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlir. Həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri də yüksək səviyyədə qeyd olunur. İnanıram ki, teatrın gələcək fəaliyyətində bu uğurlar daha böyük səviyyədə davam etdiriləcək”.
Əbülfəs Qarayev bildirib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının qəbul edilməsi, ölkə Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlar bu sahənin inkişafına böyük təkan verib. Respublikada mövcud olan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılıb: “Azərbaycan teatrının beynəlxalq səviyyədə tanıdılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Teatrlarımızın yaradıcı kollektivləri bir sıra xarici ölkələrin səhnələrində çıxış edir, eyni zamanda, respublikamızda beynəlxalq teatr konfransları və festivallar təşkil olunur”.
Nazir sonda Azərpaşa Nemətovu təltif münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini sənətkara təqdim edib.
Azərpaşa Nemətov da öz növbəsində xidmətlərinə verdiyi böyük qiymətə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Xalq Artisti Azərbaycan teatrının inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.
azertag.az