Gənc Tamaşaçılar Teatrı BDU-nun qonağı olacaq
26.12.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Yeni il ərəfəsində Bakı Dövlət Universitetinin (BDU) qonağı olacaq.

Teatrdan bildirilib ki, dekabrın 30-da sənət ocağının yaradıcı heyəti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün “Qoğalın yeni il sərgüzəştləri” adlı nağıl tamaşasını təqdim edəcək.

Tamaşanın səhnə redaksiyasının müəllifi Pərvin, quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Əsas obrazları aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Elşən Şıxəliyev və başqaları ifa edəcək.

Yeni ilin əsas qəhrəmanları olan Şaxta baba və Qar qızın da qatılacağı maraqlı şou-tamaşa bir saat 10 dəqiqə davam edəcək.

azertag.az