Azərikitab-Kitab Təbliğatı Mərkəzi diplomla təltif edilib
27.12.2017

Dekabrın 27-də Azərikitab-Kitab Təbliğatı Mərkəzi “İlin ən uğurlu layihəsi” nominasiyasına layiq görülüb.

Respublikanın tanınmış elm və ictimaiyyət xadimlərinin, habelə bir sıra Milli Məclisin deputatlarının iştirak etdiyi tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

Vurğulanıb ki, mərkəz fəaliyyətə başladığı gündən etibarən cəmiyyətin maarifləndirilməsi istiqamətində çoxsaylı xidmətlər göstərib. Mərkəzdə davamlı olaraq keçirilən tədbirlər gənclərin dünyagörüşlərinin artırılması məqsədi daşıyır.

Bildirilib ki, mərkəzin fəaliyyət proqramında, eyni zamanda, xeyriyyə aksiyaları təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. Azərikitab-Kitab Təbliğatı layihəsi cəmiyyətin diqqət mərkəzinə çevrilməklə yanaşı, kitaba marağın artırılmasında önəmli rola malikdir.

Qeyd edilib ki, Sabir Həsənovun rəhbərliyi ilə Azərikitab-Kitab Təbliğatı Mərkəzində altı ay ərzində maraqlı layihələr həyata keçirilib, çoxsaylı işlər görülüb.

Bugünkü gündə kitaba olan marağın, cəmiyyətdə mütaliə səviyyəsinin arıtlamasının vacibliyini vurğulayan Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev Azərikitab-Kitab Təbliğatı Mərkəzinin gördüyü işlərdən danışıb. Bildirib ki, üç mərtəbədən ibarət olan Azərikitab-Kitab Təbliğatı Mərkəzinin fəaliyyət göstərməsi kitab satışı, mütaliəsi və təbliğatı baxımından xüsusi əhəmiyyət daşıyır. Belə mərkəzlərin, kitab satışı yerlərinin sayının artırılmasının vacibliyini qeyd edən Ç.Abdullayev mərkəzə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonra mərkəzə gənclərin maarifləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Yazıçılar Birliyinin diplomu təqdim edilib.

Milli Məclisin deputatları Aqil Abbas və Hikmət Babaoğlu çıxış edərək mərkəzin fəaliyyətini və gördüyü işləri yüksək dəyərləndiriblər. Çıxışçılar kitabın təbliği, reklamı, yayımı və satışı ilə məşğul olan mərkəzin son altı ayda reallaşdırdığı layihələri xüsusi qeyd ediblər. Bildirilib ki, əhalinin maarifləndirilməsi, kitaba marağın artırılması , habelə milli mənəvi dəyərlərimizi, tariximizi qoruyub saxlayan kitablarımızı yaşatmaq, gənclərimizi oxumağa həvəsləndirmək kimi vacib məsələlər mərkəzin əsas məqsədləri sırasında qərarlaşır.

Çıxış edən digər natiqlər mərkəzin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb, görülən işləri yüksək qiymətləndiriblər.

azertag.az