Timur Əsgərov “Jizel” baletində qraf Albert rolunda çıxış edəcək
28.12.2017

2018-ci il yanvarın 7-də, 10-da və 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, yanvarın 7-də səhnə əsərində qraf Albert rolunu həmvətənimiz Timur Əsgərov canlandıracaq. Baletin dünya premyerası 1841-ci ildə Parisdə olub. Səhnə əsəri Sankt-Peterburqda ilk dəfə 1842-ci ildə oynanılıb. Sankt-Peterburqda Marius Petipanın redaktəsində baletin premyerası isə 1884-cü ildə olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az