Yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan Xalça Muzeyi üçün xüsusilə əlamətdar olub. Bu il muzeyi 80 mindən çox insan ziyarət edib.
Bu sözləri muzeyin direktoru Şirin Məlikova söyləyib.
Bu il muzeyin 50 illiyinin qeyd olunduğunu vurğulayan muzeyin direktoru bu münasibətlə ilboyu çoxsaylı beynəlxalq simpozium, konfrans və seminarlar, həmçinin ustad dərsləri, müxtəlif mövzularda mühazirələr, “dəyirmi masa”lar, təlimlərin keçirildiyini diqqətə çatdırıb.
“Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid qədim örtük alınıb muzeyə hədiyyə edilib. Muzeyin tarixində ilk dəfə 2017-ci ildə nadir “Şamaxı xalçası” xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib. Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanılan ”Şamaxı xalçası” hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə etmişdir ki, bunların bir qismi satın alınmış və ya hədiyyə olaraq qəbul edilmişdir. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaradıb”, - deyə Şirin Məlikova bildirib.
Şirin Məlikova onu da deyib ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyi “TripAdvisor” saytının ilin ən yaxşı muzeyi kimi “Mükəmməllik sertifikatı”nı alıb. Həmçinin bu il Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb və 2018-ci ildə bu mükafatı qazanmaq üçün böyük şansı var.
Azərbaycan mədəniyyətinin, maddi -mənəvi irsimizin, milli sərvətimiz olan xalçaların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması ilə bağlı işlərin davam etdirildiyini bildirən Şirin Məlikova il ərzində Azərbaycan xalçaları haqqında xaricdə dünyaca məşhur dərgi və jurnallarda, mediada materiallar təqdim olunduğunu da vurğulayıb.
Qeyd edək ki, Avropanın məşhur “Euronews” kanalında, Rusiyanın НТВ kanalının populyar “Поедем, поедим” verilişində Azərbaycan Xalça Muzeyi ilə bağlı maraqlı süjetlər təqdim olunub, bütün dünyada böyük maraqla izlənilən “National Geographic” kanalında yayımlanan Bakı haqqında filmdə də Azərbaycan Xalça Muzeyi diqqət mərkəzində olub. Həmçinin muzeyin direktoru Şirin Məlikovanın məqaləsi dünyaca məşhur “Carpet Collector” jurnalında dərc olunub. Qədim xalça, tekstil və islam incəsənətinə aid dünyanın aparıcı nəşri olan “Halı” jurnalında, eyni zamanda, “Баку“ jurnalında Şirin Məlikovanın müsahibələri də nəşr olunub. Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytında, həmçinin ABŞ, İtaliya və digər ölkələrin mediasında və ölkə mətbuatında il ərzində muzey haqqında materiallar dərc olunub. “Nargiz” jurnalında Azərbaycan Xalça Muzeyinin 50 illiyi ilə bağlı keçirilən beynəlxalq xalça simpoziumu geniş işıqlandırılıb.
azertag.az