Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq türk mədəniyyət təşkilatı TÜRKSOY-da təmsilçiliyinin təşəbbüsü ilə Milan şəhərində TÜRKSOY, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Milan bələdiyyəsinin təşkilatçılığı ilə türkdilli ölkələrin rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olmuşdur.
Sərgidə türk dünyasının 30-dan çox rəssamı, o cümlədən Azərbaycandan Rəşad Mehdiyev, Məmmədhüseyn Hüseynov və Murad Allahverdiyevin əsərləri nümayiş etdirilir. Bu rəssamlar TÜRKSOY-un keçirdiyi rəssamların görüşündə iştirak etmiş fırça ustalarıdır.
Sərgini TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və Milan bələdiyyəsinin mədəniyyət idarəsinin müdiri Umberto Marena açmışlar. Azərbaycanın Romadakı səfirliyinin nümayəndəsi Zaur Fərhadov, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mayıs Nuriyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Avropa və türkdilli ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri açılışıda iştirak etmişlər.
Salona toplaşan sənətsevərlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankaradan gəlmiş türk dünyası musiqi qrupunun ifasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistan xalq mahnılarını dinləmişlər. Milanda fəaliyyət göstərən və italyan tələbələrdən ibarət “ORİZİON” rəqs qrupu isə türk dünyası xalqlarının milli rəqslərini ifa etmişlər.
Düsen Kaseinov Milan bələdiyyəsinin nümayəndələrinə TÜRKSOY-un xatirə hədiyyələrini təqdim etmişdir.
Sərgi iyulun 3-dək davam edəcəkdir.