Ötən il “Elektron Hökumət” portalında elektron xidmətlərinə ən çox müraciət edilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub
5.1.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlər şəbəkəsi əhalinin həmin sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadə etməsinə şərait yaradıb. Həmin elektron xidmətlərə müraciətlər ötən il ərzində də artıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 2017-ci il ərzində nazirliyin elektron xidmətlərinə əvvəlki illə müqayisədə 42,6 faiz çox olmaqla 9 milyon 340 min 808 dəfə müraciət edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin göstəriciyə görə 2017-ci ildə “Elektron Hökumət” portalında elektron xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ötən il portala müraciətlərin 40,6 faizini məhz əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərə yönələn müraciətlər təşkil edib.

2017-ci ildə nazirliyin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” elektron xidməti yüksək istifadə göstəricisi ilə seçilən elektron xidmətlərdən olub. Keçən il həmin elektron xidmətə 1 milyon 53 min 700 dəfə müraciətin qeydə alınması onun ictimai əhəmiyyətindən, sığortaedənlərin maraq dairəsində olmasından xəbər verir. Həmçinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması” və digər elektron xidmətləri geniş istifadə olunan xidmətlər sırasında olublar.

“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər elektron xidmətlərə də 2017-ci il ərzində böyük maraq müşahidə edilib.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın elektron xidməti vətəndaşlara xidmət edir. Gələcəkdə nazirliyin fəaliyyət sahələri üzrə yeni avtomatlaşdırılmış sistemlərin yaradılması nəzərdə tutulur və bu, göstərilən elektron xidmətlərin sayının daha da artmasına imkan verəcək.

azertag.az