Ötən il Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 13 mindən çox insan ziyarət edib
5.1.2018

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ötən il ziyarət edənlərin sayı 13 min 165 nəfər olub. Onlardan 2 min 928-i xarici ölkədən gələn vətəndaşlardır.

2017-ci ildə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilib. Ötən il Heydər Əliyev Muzeyinə 1733 ekskursiya təşkil olunub.

Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələrinin, həmçinin orta məktəblərin şagirdlərinin iştirakı ilə muzeydə 85 açıq, 4 interaktiv dərs təşkil olunub, 5 tədbir keçirilib.

Heydər Əliyev Muzeyi naxçıvanlılarla yanaşı, ölkəmizin digər regionlarından və xarici dövlətlərdən muxtar respublikaya gələn qonaqların da ən çox üz tutduqları ünvandır.

Muzey görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla zəngindir və daim yeni eksponatlar gətirilir. Bu gün eksponatların sayı 4 min 678-ə çatdırılıb. Onlardan 49-u 2017-ci ildə muzeyə verilib.

Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderin siyasi irsi ilə maraqlananlar dəyərli məlumatlar əldə etmək üçün bu mədəniyyət müəssisəsinin kitabxana fondundan da səmərəli istifadə edə bilirlər. Hazırda Heydər Əliyev Muzeyinin kitabxanasında 615 adda 1255 kitab var.

azertag.az