Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2017-ci ildə uğurlu nəticələr əldə edilib. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul verir.
Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, 2017-ci ildə rayonda 26 min 36,4 hektarda kənd təsərrüfatı bitkiləri becərilib. Əkinlərin 9843,2 hektarı dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarı texniki bitkilər, 1583,3 hektarı kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarı yem bitkiləri olub.
Ötən il 36 min 274,7 ton taxıl məhsulu istehsal edilib. İstehsal olunan məhsulun 26 min 430,2 tonu buğda, 8149,4 tonu arpa, 1491,3 tonu qarğıdalı, 135,2 tonu darı, 17,2 tonu noxud, 48,9 tonu lobya, 2,5 tonu qarabaşaqdır. Dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 36,7 sentner təşkil edib. Bundan başqa, il ərzində təsərrüfatlarda 5458,6 kartof, 16 min 066,8 ton tərəvəz, 119,5 ton bostan məhsulları, 28,1 ton soya, 4 ton sorqo, 3830,3 ton dən üçün günəbaxan istehsal edilib.
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi bu istiqamətdə də inkişafa nail olunub. Rayonda 1257,8 hektar meyvə bağları və 11,1 hektar üzümlüklər var. Meyvə bağlarının 1078,7 hektarı barverəndir. 2017-ci ildə 31,1 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 10,3 hektarda xurma, 5,4 hektarda fındıq, 3,4 hektarda qoz bağları salınıb, 1 milyon 641 min 290 ədəd meyvə və 344 min ədəd dekorativ bitki tingləri yetişdirilib. Rayon ərazisindəki bağlardan 9193,4 ton meyvə və giləmeyvə, 902 ton üzüm yığılıb.
2017-ci ildə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini verib. 3123 hektar sahədə pambıq becərən tərtərli torpaq mülkiyyətçiləri 8419,1 ton məhsul tədarük ediblər. Əvvəlki illə müqayisədə pambıq əkini sahələri 3 dəfə, məhsul istehsalı 3,6 dəfə çoxdur. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq da keçən ilə nisbətən 4,5 sentner artaraq 27 sentnerə çatıb. Tərtər rayonu pambığın məhsuldarlığına görə ölkə üzrə birinci yerdədir.
Ölkəmizdə ən çox şəkər çuğunduru da Tərtərdə istehsal edilib. Keçən il rayonda 1541 hektar sahədə şəkər çuğunduru becərilib, 65 min 727,5 ton məhsul istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 426,5 sentnerdir. Məhsul istehsalı ötən illə müqayisədə 15,6 faiz artıb.
Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq keçən il rayonda 330,1 hektar sahədə təkrar əkin aparılıb ki, həmin sahələrdən 160,8 ton dənli və dənli paxlalılar, 10,6 ton texniki bitkilər, 1941,8 ton müxtəlif növ tərəvəz, 349 ton yem üçün yaşıl kütlə, 311 ton quru ot istehsal edilib. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.
azertag.az