Ötən il Teatr Xadimləri İttifaqı üçün əlamətdar hadisələrlə yadda qalıb. İttifaq 2017-ci ildə bir sıra görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərini keçirməklə yanaşı, bir çox səhnə əsərlərinin nümayişinə dəstək olub.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, gerçəkləşən tədbirlər Mədəniyyət və Turizm Nazirliyi, Akademik Milli Dram Teatrı və digər mədəniyyət ocaqları ilə birgə təşkil edilib.
Qeyd edilib ki, ötən il Teatr Xadimləri İttifaqı 30-dan çox tədbirə ev sahibliyi edib. Görkəmli mədəniyyət xadimlərimizin xatirələri anılmaqla yanaşı, eyni zamanda, bir çox teatr və kino xadimlərinə həsr edilmiş elmi konfranslar, sərgilər, kitab təqdimatları da reallaşdırılıb. İttifaqın Mustafa Mərdanov səhnəsində Rövşən Ağayevin “Sonluğun sonu” monodramının premyerası olub.
Həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının və “Art” Sankt-Peterburq Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə “Peterburq mənzilləri” (Fyodor Koni) və “Əlvida, konferansye” (Qriqori Qorin) səhnə əsərləri tamaşaçılara təqdim edilib.
Bundan başqa, Əməkdar İncəsənət Xadimi Zəfər Nemətova həsr olunmuş “Zəfər ömrü” kitabı və Həsən Haqverdiyevin rəsm əsərlərindən ibarət “Davam” rəsm sərgisi sənətsevərlərin ixtiyarına verilib.
azertag.az