Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitlərindən çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiya veriləcək.
Bu, Nazirlər Kabinetinin “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə etdiyi dəyişiklikdə öz əksini tapıb.
Yeni dəyişikliyə əsasən, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri 12 istiqamət üzrə tədbirlərin həyata keçirilməsi üçün istifadə ediləcək. Həmin tədbirlər elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin aparılmasına, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqi, təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsi, ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpası (o cümlədən, təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə yetirilməsi), çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsi üçün istifadə ediləcək.
Bununla yanaşı, dövlət fondunun vəsaitləri Azərbaycanın ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki sənədlərin, normativ və texniki normativ hüquqi aktların işlənməsinə, ekoloji maarifləndirmə və təhsilə (o cümlədən əhalinin ekoloji bilik və tərbiyənin təbliğinə, habelə xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsinə, konfrans və tədbirlərin keçirilməsinə), xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, yaşıllıqların mühafizəsinə (o cümlədən, onların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə) yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə), ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına, ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə) sərf ediləcək.
Qeyd edək ki, indiyədək Fondun vəsaitləri Azərbaycan ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin mühafizəsi tədbirlərinə, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və onların bərpasına, təbiəti mühafizə obyektlərinin tikintisinə, əsaslı təmirinə, istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə sahəsinin sosial inkişafına, təbii obyekt və komplekslərin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində proqramların, layihələrin, hüquqi və normativ sənədlərin hazırlanmasına, konfrans və tədbirlərin keçirilməsinə, milli parkların, qoruqların, yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, dövlət qoruqlarında biotexniki və digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə, elmi-tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, əhalinin ekoloji təhsili və maarifləndirilməsinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə elmi-texniki əməkdaşlıq, ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə habelə dövlət kadastrının aparılmasına sərf oluna bilərdi.
trend.az