Dinara Əliyeva Latviya Milli Opera Teatrında çıxış edəcək
9.1.2018

Yanvarın 14-də Riqada, Latviya Milli Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Ernani” operasının konsert ifası olacaq.

Teatrın saytına istinadla xəbər verilir ki, əsərdə Donna Elviranın partiyasını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib. O, Latviya Milli Opera Teatrının dəvət edilmiş solistdir.

azertag.az