“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
9.1.2018

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Muğam Mərkəzindən bildirilib ki, layihənin icrası zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqiləri səslənəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunulacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr təşkil ediləcək.

“Aşıq musiqisi axşamları” layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. “Koroğlu”ya qayıdaq” adlı ilk tədbir yanvarın 12-də baş tutacaq.

Layihə çərçivəsində “Ələsgərin saz-söz dünyası”, “Zərif əllər, incə tellər”, “ Aşıq Şəmşir şeiri”, “Yada salaq Aşıq Ədaləti” və “Yeni səslər, qədim havalar” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq.

Layihənin informasiya dəstəkçiləri sırasında AZƏRTAC da var.

Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, bu layihədən əvvəl, yəni ötən il Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” adlı möhtəşəm layihəni muğamsevərlərə təqdim edib.

azertag.az