Ötən il Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində uğurlu il kimi yadda qalıb.
İttifaqın mətbuat xidmətindən bildiriblər ki, il ərzində bir sıra görkəmli bəstəkarların yubileyləri qeyd olunub, konsertlər, elmi konfranslar və digər tədbirlər həyata keçirilib. Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 27-ci, Xocalı Soyqırımının 25-ci ildönümü, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbirlər keçirilib. Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsi yad edilib. Martın 1-də “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans, martın 14-də isə Əməkdar İncəsənət Xadimi, professor Məmmədağa Umudovun “Alətşünaslıq” kitabının təqdimatı keçirilib.
Aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub. Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən tədbirin bədii hissəsində Xalq Artisti Firəngiz Əlizadənin məşhur “Kronos” kvartetinin sifarişi ilə “Muğam sayağı” və “Dərviş” əsəri əsasında hazırlanan balet-tamaşası nümayiş olunub.
Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti Firəngiz Əlizadənin yubileyi münasibətilə libretto müəllifi akademik Nərgiz Paşayeva olan “İntizar” operası nümayiş edilib. İyunun 2-dən 5-dək görkəmli bəstəkarın 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində bəstəkarın əsərlərindən ibarət konsert olub. İyunun 14-də ittifaqda görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 1-dək Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.
İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş “Na verşine nauki – Qyulnaz Abdullazade” kitabının təqdimatı keçirilib.
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü - sentyabrın 18-i ölkəmizdə hər il Milli Musiqi Günü kimi dövlət səviyyəsində qeyd olunur. Sentyabrın 19-da Bəstəkarlar İttifaqında Üzeyir Hacibəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib. Həmçinin, sentyabrın 21-də klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert təşkil olunub.
Noyabrda ittifaqda görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti, “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüş, həmçinin tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə noyabrın axırlarında gənc bəstəkarların əsərlərindən ibarət plenum təşkil olunub. Plenum çərçivəsində gənc bəstəkarların əsərləri səsləndirilib, həmçinin “dəyirmi masa” təşkil olunub.
Ötən ilin son ayı da ittifaqın həyatında əlamətdar hadisələrlə yadda qalıb. Həmin ayda Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Cəlal Abbasovun 60 illik yubileylərinə həsr olunmuş tədbirlər keçirilib.
azertag.az