İrəvan teatrı ötən ili uğurla başa vurub
10.1.2018

Ötən il Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla yadda qalıb.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlində İftixar Priyevin müəllifi olduğu “Qanlı qızıl toy” pyesi əsasında Xalq Artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunan tamaşa Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza həsr olunub.

Teatrın kollektivinin şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” tarixi dramı əsasında təqdim etdiyi eyniadlı tamaşa teatrsevərlərin böyük marağına səbəb olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşada Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan soydaşlarımızın milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən danışılır. Yeni quruluşda təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.

Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Quruluşçu rejissoru Nicat Qərib olan səhnə əsərində insan faktoru, insani dəyərlər əsas götürülür.

Bildirilib ki, teatr ötən ilin payız mövsümünün açılışını əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə edib. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir. Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs olunan səhnə əsəri maraqla qarşılanıb.

T. Bayramov deyib ki, Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində ilin son ayında teatrın kollektivi bölgələrdə qastrol səfərində olub. Dekabrın 4-dən başlayan və beş gün davam edən qastrol səfərində teatrın kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşasını təqdim edib. Yaradıcı kollektivin böyük zəhməti sayəsində İmişli, Sabirabad, Samux, Goranboy, Balakən, Laçın, Bərdə və Lənkəran rayonlarında nümayiş olunan tamaşa teatrsevərlərin yaddaşında silinməz izlər buraxıb.

Qeyd edilib ki, bu il də teatrın kollektivi bir neçə səhnə əsəri ilə tamaşaçıları sevindirəcək.

azertag.az