Arvadı şalvarı yudu, 21,7 milyon getdi...
24.12.2012

Türkiyədə keçirilən ənənəvi Superlotoda 21,7 milyon lirəlik cek-pota yiyələnən İzmir sakini bu pulları ala bilməyəcək və məbləğ bütünlüklə dövlətə qalacaq.
Səbəb isə tragikomikdir.

Milli Lotereyalar İdarəsindən verilən məlumata görə, 9 həftə ərzində formalaşmış 21763311 lirə məbləğində cek-potu udan adam vardı.

Dekabrın 22-dəki çəkilişdə 5, 22, 28, 38, 46 və 48 rəqəmlərini taparaq cek-pota yiyələnmiş İzmir sakini bileti yerli Lotereya İdarəsinə təqdim edib.

Lakin biletdə təzhlükəsizlik kodu və seriya nömrəsi silinmişdi, oxunmurdu.

"Bilet şalvarımın cibində qalıb, arvadım da bunu bilməyərək şalvarı yuyub", - deyən zavallı nə qədər and-aman etsə də, onun bileti qəbul edilməyərək adi kağız parçası sayılıb.

İzmir Lotereya İdarəsinin qərarını Türkiyə Milli Lotereyalar İdarəsi də təsdiqləyib.

İzmirli kişi isə hirsindən dəli olmaq dərəcəsinə çatıb: «21,7 milyon getdi… İndi mən arvadıma, o adama nə deyim, nə edim?!»

Milli.Az