Azərbaycan rəqqasları beynəlxalq müsabiqədə birinci yeri tutublar
11.1.2018

Moskvada “Rojdestvenskiye zvyozdı” (“Milad ulduzları”) adlı beynəlxalq festival-müsabiqə keçirilib. Azərbaycanı təmsil edən, 20 illik fasilədən sonra fəaliyyəti bərpa olunmuş “Cücələrim” uşaq ansamblı özünün əfsanəvi ustalığını bir daha təsdiq edib.

“Jizn qorodov” (“Şəhərlərin həyatı”) Festival Komitəsinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı Rusiyanın əsas Yeni il festivalında - yanvarın 5-dən 9-dək Moskvada, “Kosmos” Böyük Konsert Salonunda keçirilmiş “Rojdestvenskiye zvyozdı-2018” XVII illik beynəlxalq uşaq yaradıcılıq forumunda və festival-müsabiqədə iştirak edib.

Müxtəlif ölkələri təmsil edən yaradıcılıq kollektivlərini birləşdirən bu möhtəşəm beynəlxalq tədbirdə Azərbaycan kollektivi “Xoreoqrafiya – milli rəqslər” nominasiyasında çıxış edib və birinci yeri tutub. Müsabiqə üçün bəstəkar Tofiq Quliyevin “Qaytağı süitası” adlı musiqisi əsasında hazırlanmış kompozisiya təqdim edilib. Qaliblər festivalın müsabiqə diplomları və kubok ilə təltif edilib.

Azərbaycan Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblının direktoru Firuzə Sultanzadə təbrik nitqində deyib: “Bu qələbəyə görə “Cücələrim” ansamblının üzvlərinə və pedaqoq-xoreoqraflarına ürəkdən təşəkkür edirəm. Bizim uşaqların müxtəlif festivallara tez-tez getmələri və həmin tədbirlərdə iştirak etmələri üçün nə mümkündürsə edəcəyik. Bizim gözəl və istedadlı gənclərimiz var”.

Festival iştirakçıları üçün geniş mədəni proqram hazırlanıb. Onlar Kremldə Rusiyanın əsas yolkası ətrafında toplaşıb, Böyük Milad balında, sirkdə, Moskva zooparkında olub, Rusiya paytaxtının görməli yerlərinə tamaşa ediblər.

Nümayəndə heyəti Azərbaycanın Rusiyadakı səfirliyində də olublar. Səfirlikdə uşaqlar üçün xüsusi proqram hazırlanıb.

Festivalın təşkilatçısı – “Şəhərlərin həyatı” festival komitəsi UNESCO-nun “Gənc şəhərlərin mədəniyyəti” beynəlxalq konfransının Moskva müdiriyyəti bazasında, Moskvanın mədəniyyət departamentinin və Moskva Həmkarlar İttifaqları Federasiyasının himayəsi altında keçirilib. “Rojdestvenskiye zvyozdı” festival-müsabiqəsinin məqsədi Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrindən olan uşaqların yaradıcılıq nailiyyətlərinin mübadiləsinə, onların ünsiyyətinə kömək etmək və müvafiq janrda ən yaxşı kollektiv müsabiqəsində iştirakını təmin etməkdir. Festival çərçivəsində uşaqlar üçün Moskvada unudulmaz bayram təşkil olunur, incəsənətin müxtəlif janrlarının gözəlliyini və bənzərsizliyi nümayiş etdirilir, çoxmillətli Rusiyanın və xarici ölkələrin uşaqlarının yaradıcılığı ilə tanışlıq təmin olunur. Festival tədbirləri uşaq kollektivlərinin ifaçılıq mədəniyyətini və ustalığını artırmağa, uşaq yaradıcılığını inkişaf etdirməyə və onun təbliğinə, gənc istedadların yaradıcılıq imkanlarının dəstəklənməsinə və reallaşdırılmasına yönəlib. Builki festivalda 2500-dən çox iştirakçı akreditə edilib. Festivalın münsiflər heyətinə Böyük Teatrın aparıcı solistləri, tanınmış mədəniyyət xadimləri, Rusiya estrada ulduzları daxil idi.

azertag.az