Ötən il 26 mindən çox "Elektron imza" sertifikatı istifadəyə verilib
11.1.2018

2017-ci ildə 26 mindən çox “Elektron imza” sertifikatı istifadəyə verilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

Artıq 5 ildən çoxdur ki, tətbiq olunan “Elektron imza” virtual məkanda proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

“Elektron imza”nın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, inkaredilməzlik, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan ünvana çatdırıla bilər. Elə buna görə də, “Elektron imza”dan istifadə göstəricisi artmaqdadır.

Belə ki, 2017-ci ildə dövlət qurumlarına 9,724, fiziki şəxslərə 7,412, hüquqi şəxslərə isə 9,552 olmaqla, ümumilikdə 26,688 “Elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3,648 sertifikat sayı çoxdur.

Məlumat üçün qeyd edək ki, “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2018-ci il tarixinə qədər olan statistikaya əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75,674, fiziki şəxslər üzrə 24,536, hüquqi şəxslər üzrə isə 26,516 olmaqla, ümumilikdə 126,726 “Elektron imza” sertifikatı istifadəyə verilib.

2017-ci il ərzində dövlət qurumları tərəfindən 8,147,916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3,318,233 olmaqla, ümumilikdə 11,466,149 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 29,871,550 autentifikasiya və elektron imza əməliyyatlarının 38.4%-i deməkdir.

“Elektron imza”, həmçinin “Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. 2017-cı il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə 5,791,005 autentifikasiya qeydə alınıb.

Qeyd edək ki, “Elektron imza” sertifikatlarını poçt filiallarından, “Şəbəkə” xidmət mərkəzlərindən, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat məntəqələrindən, elektron imza saytı (www.e-imza.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) onlayn sifarişlə əldə etmək mümkündür.

Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.

trend