Elmi tədqiqat proqramlarının respublika müsabiqəsinin keçirilməsi haqqında ELAN
11.1.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan olunur.

Müsabiqəyə təqdim edilən proqramlar hazırlanarkən aşağıdakı elmi istiqamətlər üzrə dünyada elmin, texnologiyaların inkişaf meylləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir:

Fizika-riyaziyyat və texnika elmləri sahəsində:

- Fotonika və plazmonika üçün Dirak materiallarının sərhəd və həcmi elektron spektrləri; normal şəraitdə kvant hesablamalarının reallaşdırılması üçün fiziki sistemlər;

- Zərrəcik detektorları və plazmonika üçün subdalğa qəfəsli nazik təbəqəli sistemlər;

- Neftlərin səciyyələndirilməsinin innovativ fiziki üsulları;

- Təbii, sənaye və iqtisadi proseslərin monitorinqi və analizi üçün intellektual sistemlər;

- Optimal idarəetmənin riyazi nəzəriyyəsi, funksional fəzalar, neyron şəbəkələr, freymlər və onların tətbiqi;

- İntellektual informasiya-kommunikasiya texnologiyaları.

Kimya elmləri sahəsində:

- Unikal xassəli yeni maddələrin – qeyri-üzvi və polimer materialların, katalizatorların yaradılması;

- Neft kimyası və neft emalı sahəsində elmtutumlu yeni texnoloji proseslərin işlənilməsi və onların modelləşdirilməsi;

- Yeni fizioloji aktiv üzvi birləşmələrin sintezi və dərman maddələrinin immobilizasiyası üçün polimer nanogellərin alınması.

Yer elmləri sahəsində:

- Qafqaz-Xəzər regionunun 3D geodinamik kompüter modeli;

- Yerin fiziki sahələri, məkan-zaman anomaliyaları, onların təbiəti və ekoloji problemlər;

- Böyük dərinliklərin karbohidrogen sistemləri və palçıq vulkanizmi;

- Türk dünyasının tarixi coğrafiyası və etnosu;

- Müasir iqlim dəyişmələri fonunda Azərbaycan Respublikası ətraf mühitinin transformasiyası.

Biologiya və tibb elmləri sahəsində:

- Canlı sistemlərin fəaliyyətinin molekulyar əsasları;

- Bioloji müxtəliflik: müasir vəziyyətin monitorinqi, qiymətləndirilməsi və səmərəli istifadəsinin fundamental əsasları;

- Xəstəliklərin və uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi; reproduktiv təbabətdə, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının hazırlanmasında yüksək texnologiyaların tətbiqi.

Humanitar elmlər sahəsində:

- Müstəqillik dövründə Azərbaycan dilinin zənginləşməsi yolları: problemlər və perspektivlər;

- Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri;

- Azərbaycan ədəbiyyatı və incəsənətinin dövrləşdirilməsinin kompüter modelləri;

- Müxtəlif dillərdə yazılmış Azərbaycan ədəbiyyatı örnəklərində mental psixologiya: alqoritmlər və ədəbi mövqelər;

- Mənəvi və estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu;

- Multikulturalizm problemlərinin analitik-informasiya və nəzəri tədqiqi.

İctimai elmlər sahəsində:

- Azərbaycan mədəniyyətlərin kəsişməsində: mərhələlər, problemlər və perspektivlər;

- Sovet imperiyasının süqutu və yeni dünyanın formalaşması prosesləri;

- Azərbaycan iqtisadiyyatı: formalaşma prinsipləri və inkişaf perspektivləri.

Müsabiqəyə təqdim edilən elmi tədqiqat proqramının rəhbəri AMEA-nın həqiqi və müxbir üzvləri ola bilər.

Elmi tədqiqat proqramlarının icrasında AMEA-da, habelə respublikanın digər elm və ali təhsil müəssisələrində çalışan alim və mütəxəssislər iştirak edə bilərlər.

Elmi tədqiqat proqramlarının icra müddətləri üç ildən çox olmamalıdır.

Bir proqramın smeta dəyəri bir il üçün 200.000 (iki yüz min) manatdan artıq olmamalıdır.

Elmi tədqiqat proqramları müəyyənləşdirilmiş formaya (buradan yükləyin) uyğun tərtib olunub iki nüsxədə elektron variantı ilə birlikdə AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 502-ci otaq) fevralın 10-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək təqdim edilməlidir.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

Tel.: 492-59-45; e-mail: eti@science.az

azertag.az