Bakıda Milad bayramı münasibətilə konsert proqramı təqdim olunub
12.1.2018

Yanvarın 11-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edib.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr çıxış edərək Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, belə tədbirlərin ənənəyə çevrildiyini, Azərbaycanda bu bayramın yüksək səviyyədə qeyd edildiyini deyib.

Aleksandr bildirib ki, 2017-ci il bütün dünyada, eləcə də Azərbaycan üçün bir çox hadisələrlə yadda qalıb. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bununla əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər, görüşlər keçirildi. Sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq axtarışında olan insanlar bildilər ki, Azərbaycan bununla əlaqədar bəşəriyyət qarşısında duran sualların cavabını tapa bilib.

Milad bayramının sevinc, barışıq bayramı olduğunu vurğulayan arxiyepiskop hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin ölkəmizdə yaşayan xristianları təbrik etdiyini deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da sabitlik, tərəqqi, firavanlıq şəraitində inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbir konsert proqramı ilə davam edib.

azertag.az