Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunacaq
15.1.2018

Azərbaycanın "Nar bağı" filmi Brüsseldə "Bridges. East of West Fest" festivalında nümayiş olunacaq.

Gürcüstan Milli Kinematoqrafiya Mərkəzinə istinadla xəbər verilir ki, Brüsselin məşhur təsviri incəsənət mərkəzi BOZAR yanvarın 17-dən 23-dək "Bridges. East of West Fest" festivalı təşkil edəcək. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan "Nar bağı" filmi nümayiş olunacaq. Festivalda ölkəmizi filmin quruluşçu rejissoru İlqar Nəcəf təmsil edəcək.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Ekran əsəri maraqlı bir ailə dramı üzərində qurulub. Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Festivalda "Nar bağı" ilə yanaşı, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna filmləri da göstəriləcək.

Festival çərçivəsində keçiriləcək görüşlərdə rejissorlar öz ölkələrində kinematoqrafiya ənənələri və istehsalatı ilə bağlı müzakirələr aparacaq və qarşıda duran vəzifələr müəyyənləşdiriləcək.

azertag.az