Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir. Xərclər “Ştatda olan işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri”, “Əməkhaqqına üstəlik” xərc normativinin hesablanması, “Dəftərxana və təsərrüfat” xərcləri üzrə normativinin hesablanması, “Mətbəə xərcləri” xərc normativinin hesablanması və s. üzrə aparılır.
Normativlərdə qeyd edilir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).
Normativlərə görə, “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” xərc normativinin hesablanması üzrə xərc normativinə paltar və geyimlərin alınması, həmçinin ayaqqabıların, yataq ləvazimatlarının və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.
“Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər və digər müavinət, təqaüd və transfertlər” xərc normativinə müvəqqəti əmək qabiliyyətini itirməyə görə işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir. Bu zaman hesablama əvvəlki ilin faktiki icra məbləği əsas götürülməklə aparılır.
trend.az