“Kölgə” tamaşası Bərdədə nümayiş olunub
16.1.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü ilə “Kölgə” tamaşası Bərdədə nümayiş etdirilib.

Təşkilatdan bildiriblər ki, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Emiliya Bayramovanın müəllifi olduğu layihənin məqsədi məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, bu barədə ictimaiyyət arasında maarifləndirmə işinə töhfə vermək, məişət zorakılığının qurbanı olan şəxslərin sosial müdafiəsinin və bu istiqamətdə mübarizənin dərinləşdirilməsidir.

Cəmiyyətin ictimai həyatında qadınların mövqeyi uzun tarixi dövr keçərək formalaşıb və inkişaf edib. Lakin bu inkişaf asan əldə olunmayıb. Qadınlar özlərini təsdiq etmək üçün bir sıra hüquqlar uğrunda mübarizə aparıblar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün aktual problemlərindəndir. Bu baxımdan layihənin əsas vəzifəsi cəmiyyətə ailə, qadın və uşaq problemlərinin həllini göstərməkdir.

Altmış dəqiqəlik tamaşada müxtəlif fonlar (kölgələr) və pantomim epizodlar Bərdənin gənc könüllü aktyorlarının ifasında təqdim olunub.

azertag.az