Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub
16.1.2018

Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvarın 16-da Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər nümayiş olunub.

Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Həsənov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb.

Məlumat verilib ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak edib.

Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla baş tutub, beləliklə, Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyində gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, qəhrəmancasına həlak olub. 1993-cü il mayın 11-də Oqtay Güləliyevə Milli Qəhrəman adı verilib.

Pəhləvan Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. O, 1990-cı ildən doğma rayonunda polis zabiti kimi xidmətə başlayıb. Füzuli rayonunun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərib. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin il sentyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb.

Sonda filmlərin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından ekran əsərlərinin əhəmiyyətindən danışıb.

azertag.az