Budaqda pardaqlanmış nar, gəbə və fərməş üstündə, kasada nar, pəncərə önündə nar, əllərində nar meyvəsi tutan körpə qızcığaz, palazın üstünə düşmüş nar dənələri… Bəlkə də bu rəsmlərdə narın ən müxtəlif növlərini tapmaq olar: gülöyşə, mələs, şahnaz, ağşirin, turşməzə nar…
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgini həm də “nar sərgisi” adlandırmaq olar. Ən azı ona görə ki, burada nümayiş olunan əsərlərin böyük əksəriyyətini nar rəsmləri təşkil edir. Sənət dostları onu əbəs yerə “nar Məlik” adlandırmırlar.
Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Məlik Məmmədxanovun rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət rəsm sərgisi açılıb.
Açılış mərasimində Xalq Rəssamı Ağaəli İbrahimov müəllifin sənət yolu və yaradıcılığı barədə məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Abşeron Rəsm Qalereyasının müdiri Eldəniz İbrahimov və Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov ikinci dəfə sənətsevərlərə yaradıcılıq hesabatı verən rəssamın sənətkarlıq məziyyəti, üslub xüsusiyyətləri barədə danışıblar. Əməkdar Mədəniyyət Xadimi Ziyadxan Əliyev və Xalq Rəssamı Qəyyur Yunus fırça ustasının yaradıcılığındakı milli xüsusiyyətlər, işıq-kölgə effektləri və rəng əlvanlığı barədə fikirlərini bölüşüblər.
İştirakçılar sərgi salonuna daxil olaraq Məlik Məmmədxanovun fırçasından çıxan sənət əsərləri ilə tanış olublar. Sərgidə nümayiş olunan əsərlərdə nar mövzusu ilə yanaşı, körpə və balıq mövzusu da qırmızı xətlə keçir. Həmin rəsmlərdə dünyanın ən məsum bəndəsi olan körpə təmizliyi, uşaq saflığı diqqəti cəlb edir. Abşeron torpağında doğulan rəssamın əsərlərindəki balıq rəsmləri də baxımlı və gözoxşayandır. Ən başlıcası isə natürmortlardakı çalarlar, rəng uyarlığı, işıq və millilik elementləri sərginin tamaşaçılarında xoş ovqat oyadıb.
Sərgi yanvarın 18-dək davam edəcək.
azertag.az