Əliqismət Lalayev beynəlxalq festivala dəvət alıb
18.1.2018

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, rejissor Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edəcək.

Teatrdan bildirilib ki, sənət ocağının direktoru dünyanın 20-dək ölkəsinin təmsil olunacağı bu nüfuzlu festivala İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzi tərəfindən ekspert qismində dəvət edilib.

Festival yanvarın 21-dən fevralın 1-dək davam edəcək.

Xatırladaq ki, 35-ci Beynəlxalq Fəcr Festivalında Musiqili Teatrın yaradıcı heyəti dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını Təbrizdə nümayiş etdirmişdir. Anşlaqla keçən səhnə əsəri festival təşkilatçıları və təbrizli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, festival proqramından əlavə ikinci dəfə tamaşaçılara təqdim olunmuşdur. Teatr kollektivinin üç üzvü bu möhtəşəm festivaldan vətənə mükafatla qayıtmışdır.

azertag.az