Rənglərin ittihamı
18.1.2018

20 Yanvar faciəsi rəssamların yaradıcılığında

Azərbaycan təsviri sənət ustalarının müxtəlif nəsillərinin təmsilçiləri 1990-cı ilin 20 Yanvarında yaşanan faciəyə biganə qalmamış və ötən illər ərzində bu mövzuda yaddaqalan təsviri və tətbiqi sənət əsərləri yaratmağa nail olmuşlar.

Ötən əsrin səksəninci illərində mübarizlik iradəsini mitinqlərdən başlayıb 1990-cı ilin yanvarındakı qanlı hadisələrdə ifadə edən, daha sonra torpaqlarımızın müdafiəsinə qalxan xalqımızın mübarizəsinə - Qarabağ probleminə sənətkarlarımızın bədii münasibəti heç şübhəsiz, ilk növbədə, onların yaşadıqları dövrün aynası olmaq istəyindən irəli gəlmişdi. Belə ki, hadisələrin bilavasitə iştirakçısı olan, torpaq uğrunda gedən ölüm-dirim mübarizəsinə şahidlik edən sənətkarların rəngə və cizgiyə, eləcə də daşa, mərmərə və tunca köçürdüklərində başqalarında baş verənlərə inam yaradacaq bədii-mənəvi güc daha etibarlı olur...

Bu mənada bu gün Bakıda və respublikanın bölgələrində ucaldılan abidələri, muzey və qalereyaların ekspozisiyalarını bəzəyən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini 20 Yanvar faciəsinin dəhşətlərini özündə yaşadan, gələcək nəsillərin öz tarixinə bələdçiliyinə kömək edəcək çox qiymətli qaynaq hesab etmək olar. Onların sırasında Əyyub Hüseynov, Kamil Nəcəfzadə, Sara Manafova, Rasim Babayev, Nazim Rəhmanov, Eyyub Məmmədov, Vaqif Ucatay, İlham Ənvəroğlu, Tünzalə Məmmədzadə, Eyzam Şıxəliyev, Nəvai Metin (rəngkarlıq əsərləri), Arif Hüseynov, Fəxrəddin Məmmədvəliyev, Həşim Elçiyev, Kirman Abdin, Etibar Aslanov, Arif Həsənov, Qafar Sarıvəlli, İsmayıl Əvəzov (qrafika nümunələri), Fuad Salayev, Xanlar Əhmədov, Səid Rüstəm, Arif Qazıyev, Fəxrəddin Əliyev, Cavanşir Dadaşov, Azad Əliyev, İbrahim Həsənov, Sahib Quliyev (heykəltəraşlıq əsərləri) və Adil Şıxəliyev, Rauf Əbdülhüseynoğlu, Fəxrəddin Əliyevin (dekorativ-tətbiqi sənət nümunələri) yaratdıqları əsərlərin yüksək bədii-estetik dəyərə malik olduğunu vurğulamaq lazımdır.

Əlavə etmək lazımdır ki, Qarabağ mövzusu Rusiya Federasiyasında yaşayan Qüdrət Qurbanov, Rəhman Şıxəliyev və Əsgər Məmmədovun, təhsil sonrası taleyini Belarus Respublikası ilə bağlayan Kamil Kamalın, Almaniyada çalışan Əşrəf Heybətovun və Türkiyədə çalışan çoxsaylı azərbaycanlı rəssamların da son illər yaradıcılığında davamlı yer tutmaqdadır...

“20 Yanvar” rəngkarlıq tablosu

Xalq Rəssamı Kamil Nəcəfzadənin “20 Yanvar” rəngkarlıq tablosunu bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Etiraf edək ki, tanınmış fırça ustası yaratdığı maraqlı kompozisiyanın sayəsində həm faciənin baiskarlarını, həm də Azərbaycan xalqının bu səbəbkarlara ünvanlanan sonsuz nifrətini göstərə bilmişdir. Qana bələnmiş şəhidlərin meyitləri üzərində təqdim olunan Bakının qış səhəri kifayət qədər təzadlı durumdadır. Belə ki, onun sol yuxarı hissəsini qarğa-quzğunla əhatələnmiş, Bakıya qoşun yeridilməsi əmrini vermiş ölkə rəhbəri M.Qorbaçov, sağ yuxarı tərəfində isə o dövrdə baiskarları öz müraciəti ilə ittiham etməkdən çəkinməyən bütün Qafqazın şeyxülislamı Allahşükür Paşazadə təsvir olunub... Onun digər əsərində isə faciənin baiskarı ayrıca qınaq obyektinə çevrilib. Əsər üçün kifayət qədər obrazlı həll tapan rəssam, qan fonunda təqdim olunan M.Qorbaçovun portretini insan kəllələrindən, xalq ittihamının göstəricisi olan kəndiri isə insan sümüklərindən və kəllədən “hörməklə”, kompozisiyanın təsirliliyinə nail olub...

Əməkdar İncəsənət Xadimi Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” (1997) tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu çoxfiqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış ən yaxşı əsərlərdən sayılır. Rəssam şəhərin gecə mənzərəsi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadı ilə, cəlbedici və təsirli tutumda ifadə etməyə nail olub.

Tanınmış fırça ustası Sara Manafovanın çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Onun bəyaz stulun üzərində görüntüyə gətirdiyi bir neçə qara gül şəhidlərin ruhuna ucalan ağı kimi qəbul olunur.

Əməkdar İncəsənət Xadimi Eyyub Məmmədov isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə edib. Bu üç əsərdə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş hadisələrin mənəvi-psixoloji tutumunu təşkil edən ittiham hissi qabarıq duyulmaqdadır.

Rəngkar Eyzam Şıxəliyevin “Faciə” əsərində də Yanvar gecəsinin ağrıları yaddaqalan bədii həllini tapıb. Dinc əhaliyə yönəldilmiş yağı süngüləri altında qalaqlanan çoxsaylı şəhid cəsədləri yaşanan gecənin dəhşətlərini bütün reallığı ilə əks etdirir.

İstedadlı rəngkar İlham Ənvəroğlunun “Xeyir və Şər” əsərində isə qanlı gecəyə bədii-fəlsəfi tutum verilməklə, həm də kompozisiyanın düşündürücülüyünə nail olunub.

Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb. Kompozisiyanın ağ-qara koloriti də mövzunun açımını əyaniləşdirməkdə inandırıcı vasitədir desək, yanılmarıq.

Gənc rəssam İsmayıl Əvəzovun yığcam detallı “Bakı faciəsi” adlı qrafik lövhəsində qaranlıq gecədə insanları haraylayan qanlı əllərin tamaşaçıda yaratdığı bədii-psixoloji təsir çox güclüdür desək, yanılmarıq.

Plakat ustası Kirman Abdinin yaradıcılığında 20 Yanvar mövzusu geniş yer tutur. Bir neçə il bundan əvvəl o, həmin əsərlərini metronun “20 Yanvar” stansiyasının içərisində sərgi şəklində ictimaiyyətə təqdim edib. Həmin ekspozisiyanın yaddaqalan təsiri bu gün də xatırlanmaqdadır.

Arif Həsənov və Etibar Aslanovun kompüter qrafikası nümunələrində də 20 Yanvar faciəsinə rənglərin və cizgilərin vəhdətindən yaranan münasibət yaddaqalandır.

Tətbiqi sənət ustalarından Fəxrəddin Əliyevin iriölçülü “20 Yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə” keçəsi haqqında söz açdığımız mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.

20 Yanvar faciəsi ilə bağlı heykəltəraşlıq sahəsində ilk nümunə Gəncədə yaradılıb

Heykəltəraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltəraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş qanlı hadisənin ittihamedici obrazlı-şərti həlli tapılmışdır. Bakının Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılan abidədə də (müəllifi İbrahim Həsənov) xalqımıza xas mübarizlik ruhu qabarıq və yaddaqalan monumental biçimdə öz həllini tapıb.

Faciədə həlak olanların xatirəsinə ucaldılmış ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanında yerləşir. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.

Əməkdar Rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Xalq Rəssamı Fuad Salayevin “Qıl körpüsü”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltəraşlıq nümunələrində də faciəyə tutulan plastik güzgü cəlbedici və yaddaqalandır.

Azərbaycan təsviri sənətinin müasir mərhələsinin inkişafına öz yaradıcılıqları ilə xidmət edən sənətkarlarımızın müxtəlif nəsillərinin üzərinə əlavə yaradıcı və mənəvi bir yük düşüb. Bu da onların yaşadıqları zamanın, tuş gəldikləri hadisələrin bədii salnaməsini yaratmaqla, onu bədii-tarixi sənədə çevirib gələcək nəsillərə ötürməkdir. Onların rəngdə, cizgidə və tuncda əbədiləşdirdikləri 20 Yanvar faciəsi motivləri nə qədər təzadlı olsa da, xalqımızın torpaq uğrunda mübarizliyini və əzmkarlığını nümayiş etdirən, gələcək nəsillərimizin əlində düşmənə qarşı amansız silaha çevrilən sənət əsərləridir...

azertag.az