Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminar-məşğələlərə başlayıb
18.1.2018

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 17-dən etibarən seminar məşğələlərə başlayıb.

DİM-dən bildiriblər ki, fevralın 5-dək davam edəcək seminarlar mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və bu prosesdə 4.300-dək nəzarətçi-müəllimin iştirakı gözlənilir.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14.888 nəzarətçi-müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də builki imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar-məşğələlər təşkil ediləcək.

Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani tanışlığı məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20-25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənəd və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərin keçirilməsinin əsas məqsədi imtahan texnologiyalarını və imtahanın gedişi barədə qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə tanışlıq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallıq baxımından mühüm məqamları qeyd etmək, imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq, eləcə də nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır.

Seminar-məşğələlərə qatılan müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştiraka dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Xatırladaq ki, yanvarın 16-da DİM-in inzibati binasında müxtəlif ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının imtahanlara zal nəzarətçisi kimi cəlb ediləcək əməkdaşları, eləcə də Gəncə, Mingəçevir, Quba, Hacıqabul, Sədərək, Şərur, Lerik, Ucar, Kürdəmir, Ağdam rayonları üzrə nəzarətçi-müəllimlər üçün seminarlar keçirilib.

azertag.az