Bu gündən hava sabitləşəcək
26.12.2012

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 25-dən 26-na keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər əsasən şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcə isti olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Hava şəraitinin qısa icmalı: Dekabrın 26-sı gündüzdən hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gündə temperaturun tədricən yüksələcəyi, arabir güclənən cənub küləyinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

http://anspress.com