Milli Arxiv İdarəsində 380 saxlama vahidi üzrə 9 min 231 vərəq arxiv sənədi Elektron Arxiv Sistemi (EAS) üzrə elektron daşıyıcılara köçürülüb. Cari ilin son hesabat dövrünə kimi “ASAN xidmət” mərkəzlərindən arxivə 3 min 551 sorğu daxil edilib. Ümumilikdə isə “ASAN xidmət”in fəaliyyətə başlamasından 2017-cı ilin son hesabat dövrünə qədər 20 min 566 sorğu qəbul edilərək icra olunub.
Bu sözləri Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov deyib.
“İl ərzində idarə tərəfindən 54 mindən artıq işin qutulaşdırılaraq etibarlı saxlanması təmin edilib. Eyni zamanda, sənədlərin bərpası və cildlənməsi işləri davam etdirilərək 50 minə yaxın vərəq bərpa olunub, 55 mindən artıq iş cildlənib. Sənədlərin fiziki cəhətdən korlanmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilib. 360 minə yaxın kağız əsaslı işlər və 36 mindən artıq kino və fotofono sənədləri xüsusi yoxlamadan keçirilib, 7 minə yaxın foto və fonosənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənilib. Həmçinin, Milli Arxiv Fondu sənədlərinin dövlət uçotu, onlara elmi-məlumat aparatının yaradılması və daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib”, - deyə N. Eminov söyləyib.
O əlavə edib ki, dövlət mühafizəsinə idarə və təşkilatlardan qəbul olunmuş 42 min 446 saxlama vahidi və 12 min 680 şəxsi mənşəli sənəd dövlət uçotuna alınaraq qeydiyyata götürülüb.
Onun sözlərinə görə, 19 mindən artıq iş və sənədin elmi təsviri aparılaraq siyahısı müəyyən olunmuş qaydada təsdiq edilib. 64 mindən artıq işin siyahısı təkmilləşdirilmiş yaxud yenidən işlənmiş, müxtəlif növdən olan kataloqlara 95 minə yaxın kartoçka daxil edilərək daha da zənginləşdirilib.
Tanınmış mədəniyyət və incəsənət xadimləri və şəxsi fondlarından arxivə daxil olan sənədlərə münasibət bildirən idarə rəsmisi bildirib ki, ötən il arxivə tanınmış şəxslərin 12 min 680 şəxsi mənşəli sənədlərinin də dövlət mühafizəsinə qəbulu təmin edilib.
N. Eminov qeyd edib ki, 2017-cı ildə respublika dövlət arxivlərinə yeni fondların və sənədlərin qəbulu, onların elmi və əməli dəyərinin ekspertizası, dövlət arxivlərinin komplektləşmə mənbəyi olan nazirlik, komitə, idarə və təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət dövlət arxiv xidməti təşkilatlarının əsas vəzifələrindən olub. 37 min kağız əsaslı iş, 1500 elmi-texniki sənəd, 2900 kino və fotosənəd, 130 fonovideo sənəd, cəmi 41 min 530 saxlama vahidinin qəbulu hesabına Milli Arxiv Fondu daha da zənginləşib: “Vətəndaşların, idarə və təşkilatların 38 mindən çox sosial-hüquq xarakterli sorğuları, müxtəlif nazirlik və təşkilatların 340-dan çox tematik sorğuları icra edilib. Arxivlər öz sənədləri əsasında müvafiq təşkilatlara müxtəlif məsələlərə aid 21 məlumat xarakterli məktub hazırlayıb göndərib. Həmçinin 23 teleradio verilişi, 15 sənəd sərgisi təşkil edilib. İl ərzində 50-dək tədqiqatçı dövlət arxivlərinə müraciət edib. 2018-ci ildə də dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Milli Arxiv Fondu sənədlərinin mühafizəsini, onun elmi tutumlu sənədlərlə komplektləşdirilməsini, sənədlərin dəyərinin ekspertizasını, cəmiyyətin və vətəndaşların retrospektiv informasiyaya olan tələbatına uyğun onların istifadəsini təmin etməkdən, habelə arxiv işində informasiya-kommunikasiya texnologiyalarını tətbiqi ilə yanaşı, arxiv sənədlərinin vahid məlumat baza sisteminin yaradılması və onlardan istifadə üçün işin müasir informasiya cəmiyyətinin tələblərinə uyğun təşkilindən, eləcə də Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamından və Nazirlər Kabinetinin müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsindən ibarət olacaq”.
azertag.az