Neyrobioloqlar klassik və caz pianoçularının beyin fəallığını müqayisə edərək, hətta eyni əsərin ifası zamanı fərqlər aşkar ediblər.
“Zdorovye Mail.ru” saytına istinadla xəbər verilir ki, alimlər bu kəşf sayəsində bəstəkarların musiqi bəstələməsinə, habelə janrdan asılı olaraq onların spesifikasını ayırd etməyə imkan verən prosesləri daha yaxşı başa düşməyə ümid bəsləyirlər.
Musiqiçilərin beyni musiqi qabiliyyəti olmayan insanların beynindən fərqlənir. Musiqi bəstələnməsi və ifası müxtəlif qabiliyyətlərin mürəkkəb qarşılıqlı əlaqəsini tələb edir və bu da özünü musiqiçilərin beyninin bəzi şöbələrinin yaxşı inkişaf etməsində büruzə verir. Maks Planka adına Cəmiyyətin Koqnitiv Elmlər və Beyin haqqında Elmlər İnstitutunun əməkdaşlarının yeni tədqiqatında göstərilir ki, musiqi qabiliyyəti beyinlə əvvəllər hesab edildiyindən xeyli dərəcədə çox bağlıdır.
Tədqiqat müəlliflərindən biri Daniela Sammlerin fikrincə, bunun səbəbi müxtəlif ifa tərzləri ilə bağlıdır. Musiqi ifasını müşayiət edən müxtəlif proseslər musiqiçilərin beyinlərində möhkəmləndiyinə görə bir ifa tərzindən digərinə keçmək çətinləşir.
Tədqiqatın digər müəllifi Roberta Byanko deyib: “Caz ifaçıları daha çevik beyin fəaliyyəti nümayiş etdiriblər. Biz onlardan harmoniya nöqteyi-nəzərindən gözlənilməz olan akkordu standart ardıcıllıqla çalmağı xahiş edəndə, onların təfəkkür prosesi çalğını klassik ifaçılarla müqayisədə daha sürətlə yenidən planlaşdırmağa başlayıb. Onlar daha çevik reaksiya nümayiş etdirərək, ifanı sürətlə davam etdiriblər”.
azertag.az