Milli Məclisin Sosial siyasət komitəsində “Test və Təlim” Beynəlxalq (TTB) təşkilatının (Test&Training international) ekspertləri Frans Vurs və Norbert Filippits, Svetlana Pasçinina ilə görüş keçirilib.
Görüşdə Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Qonaqları salamlayan komitə sədri Hadi Rəcəbli deyib ki, müasir dövrdə yol hərəkəti təhlükəsizliyi dünya ölkələri, o cümlədən, Azərbaycan üçün ən aktual problemlərdən biridir.
Onun sözlərinə görə, bu gün respublikamızda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması və bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülməkdədir:
“Bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri təhlükəsiz sürücülükdür ki, bu məsələyə həsr olunmuş maarifləndirmə kampaniyalarının və peşəkarlığın artırılması işlərinin həcmi hələ də aşağı səviyyədədir. Məhz, bu səbəbdən həmin sahədə dünya təcrübəsinin öyrənilməsi və bu məqsədlə beynəlxalq ekspertlərin imkanları ilə tanış olmaq göstərilən sektorda boşluğun aradan qaldırılmasına xidmət edən amillərdən biridir”.
Ölkəmizdə yol qəzaları nəticəsində hər il təxminən 900-1000 nəfərin dünyasını dəyişdiyini, 3000 nəfərdən çox insanın isə əlil olduğunu deyən H.Rəcəblinin sözlərinə görə, bu kimi hallar yol hərəkəti təhlükəsizliyini daha da zəruri edir:
“H.Rəcəbli qeyd edib ki, bir sıra ölkələrdə insanlar sürücülük vəsiqəsi alsa da, müəyyən müddətdən bir təlimlərdə iştirak etməlidir. Amma ölkəmizin qanunvericiliyində sürücülər üçün belə bir tələb yoxdur. Komitə sədrinin fikrincə, bu beynəlxalq təşkilatla bu sahədə əməkdaşlıq yaxşı nəticələr verə bilər. Bunun uçun isə ölkəmizdə avtodromlar yaradılmalıdır”.
“Test və Təlim” beynəlxalq təşkilatının baş meneceri F.Vurs qurumun Avstriyanın Vyana şəhərində yerləşdiyini bildirərək, həyata keçirdikləri layihələr haqda məlumat verib.
Ekspertin sözlərinə görə, onların məqsədi sürücülərə təlimlər keçməklə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdi. Bu isə bilavasitə yollarda insanların həyatlarını qorumağa xidmət edir.
O, müxtəlif ölkələrdə belə treninqlərin keçirildiyini və əhəmiyyətli nəticələr əldə olunduğunu bildirib:
“Təşkilatın təlimləri üçün xüsusi avtodromlar yaradılmalıdır. Bu avtodromlar ölkələrin müvafiq qurumları tərəfindən yaradılır və “Test&Traning international”-ın ekspertləri tərəfindən sürücülərə təlimlər keçirilir. Məsələn, təşkilat bir neçə il öncə Misirdə turistlərə xidmət göstərən avtobus sürücüləri üçün, Lüksemburqda polislərə, Avstriyada məktəblidən başlamış sürücülük vəsiqələri alanlara qədər insanlara təhlükəsizlik təlimləri keçir”.
Azərbaycanla Avstriyanın ərazi və əhali baxımından oxşar olduğunu deyən F.Vurs bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə və sürücülər üçün təlim layihələri təşkil etməyə hazır olduqlarını bildirib.
Görüşdə iştirak edən Nəqliyyat Nazirliyinin sektor müdiri Eldar Əlizadə bu mövzunun çox aktual olduğunu deyib. O, Nəqliyyat Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu sahədə sürücülərlə aparılan tədbirlər haqqında ətraflı məlumat verib.
Nazirliyin nəzdində “Avtomoto Klub”un fəaliyyət göstərdiyini deyən E.Əlizadə qeyd edib ki, məqsəd sürücülərin peşəkarlığının artırılmasıdır. Burada yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusi fikir verilir.
“Bu təşkilatın isə təşəbbüsləri, avtodromun yaradılması təklifi çox maraqlıdır. Biz bu haqda nazirliyin rəhbərliyinə məlumat verəcəyik. Hesab edirəm ki, təşkilatla yaxşı əməkdaşlıq əlaqələri qurulacaq” - deyə, o vurğulayıb.
Qeyd edək ki, Test və Təlim beynəlxalq təşkilatının nümayəndələri Dövlət Yol Polisində də görüş keçirəcəklər.
Gün.Az