Onu bağışlamaq olarmı?
26.12.2012

Həyatda bəzən kiminləsə mübahisə etməli, dalaşmalı, nədənsə küsməli oluruq. Bəzən yaşanan xoşagəlməz hadisəni unudur, bəzən isə bağışlaya bilmirik. Psixoloqların fikrincə, kimisə bağışladıqda insan ilk növbədə özünə yaxşılıq edir və mənəvi yükdən azad olur.

Psixoloq Günay Hacıyevanın sözlərinə görə, bağışlamaq insanı güclü edir. "Başqalarını bağışlamaq asan olmasa da, bunun insanın özü üçün xeyri var. Belə ki, bağışladığımız zaman yüngülləşirik. Bir növ ağır, istəməsək də daşımalı olduğumuz yükdən azad oluruq" deyən həmsöhbətimizə görə, əgər kimdənsə küsüb onu bağışlaya bilmiriksə, bu hissi yük kimi özümüzlə daşıyırıq. Bununla da insan günü-gündən daha çox neqativ emosiya ilə yüklənir. Bağışlamadıqca insan daha da aqressivləşir. Bu aqressiya isə nəinki küsdüyümüz adama, ətrafımızda olan başqalarına da yönəlir.

Bəzən kimisə bağışlamaq, onun etdiklərini unutmaq çətin olur. Əgər insan təsadüfən sizin hansısa əşyanızı qırıb, ayağınızı tapdalayıb və ya mənasız şeyə görə xətrinizə dəyibsə, onu bir dəqiqə ərzində bağışlamaq olur. Amma insanın ürəyi qırılıbsa, bağışlamaq istədiyiniz adam sizə qarşı çox pis hərəkət edibsə, bunun üstündən keçmək çətindir. Belə ki, bağışlamaq üçün vaxt tələb olunur. Psixoloq qeyd edib ki, kimisə bağışlamaq istədikdə ilk növbədə nəyə görə incidiyinizi təhlil edin.

"Adətən biz məyus olduğumuzu düşünür, lakin məyus olmağımızın səbəbini təhlil etmirik. Çox vaxt isə qəmlənməyin səbəbi əsassız ola bilər. İnsandan isə o vaxt küsmək olar ki, etdiyi hərəkətə görə cəzalandırılmağa layiqdir. Misal üçün, əgər sizə yalan danışıblarsa, xəyanət ediblərsə, bu halda küsmək olar. Amma kimdənsə sizi sadəcə sevmədiyi üçün küsmək məsləhət deyil. Əgər sizə kimsə hörmət etmirsə, sizi qiymətləndirmirsə, həmin adamdan küsmək yox, onun sizə qarşı münasibəti dəyişmək lazımdır. Belə ki, başqalarından sevgi, hörmət, diqqət tələb etmək düzgün deyil. Bu cür hisslərə layiq olmağa çalışın. Anlamaq lazımdır ki, incimək, küsmək, bağışlamamaq qəddarlıqdır", - deyən müsahibim əlavə edib ki, incimək əvəzinə qarşınızdakı adama inciməyinizin səbəbini izah edin. "İnciməyinizin səbəbini özünüz də dərk edin. Bəlkə də küsməyiniz əsassızdır. Bunu etmək əvəzinə isə insanlar çox vaxt inciyir və bunu gizli saxlayırlar".

İnsan kimdənsə küsərkən ona qarşı kin saxlayır. Kin isə tədricən insanın özünü aqressiv aparmasına gətirib çıxarır. Sakit adamların da kinin təsirindən aqressiv davrandığını deyən psixoloq bildirib ki, uzun müddət bəslədiyimiz kin insanı gözlənilməz və təhlükəli hərəkətə də təhrik edir. "Misal üçün, həyat yoldaşı tərəfindən aldadılan qadın səbəbsiz yerə uşaqları danlaya və döyə bilər. Nəticədə kin gizli formada insanın özünə qarşı yönəlir. Bu səbəbdən də insan özünü inandırmalıdır ki, mənim kiməsə kin saxlamağım yalnız məni məhv edir".

Çox vaxt insanlar kiminləsə küsülü qalanda əvvəlcə günahı qarşı tərəfdə axtarsalar da, tədricən səhvin özlərində olduğunu anlamağa başlayırlar. Həmsöhbətimizin sözlərinə görə, bu zaman insanlar özlərini qınayır ki, gərək bu sözü deməzdim, başqa cür hərəkət edərdim. "Kiminləsə küsülü qaldığımızın ilk mərhələlərində kin, mənfi emosiyalar nə qədər güclü olsa da, sonra bu hiss keçir. İnsan nisbətən incikliyini unudur. Artıq bağışlamağa hazır olur. Tədricən öz səhvlərini də görməyə başlayır. Bəzi hallarda isə insanlar küsülü qaldıqlarına görə o qədər üzülürlər ki, mübahisələrinin günahını yalnız özündə görürlər".

Psixoloq nəzərə çatdırıb ki, bu cür etmək olmaz. "Belə ki, insan özünü günahkar hiss edərək tədricən özünə qiymət vermir. Bu, onu başqalarının da gözündən salır".

Müsahibim diqqətə çatdırıb ki, bəzən insanlar kiməsə inanmadıqları üçün də bağışlaya bilmirlər. "Onlar inanmadıqları insanı bağışlamağı mənasız sayırlar. Düşünürlər ki, onsuz da o yenə də mənə qarşı pislik edəcək, yenə də aldadacaq və s. Lakin bağışlamaq o demək deyil ki, həmin insanla dost olursuz. Bağışlamaqla ona inanmağa məcbur deyilsiz. Sadəcə bağışlamaq insanın özünə xeyirdir. Bağışlayarkən insan mənfi enerjidən və fikirlərdən uzaqlaşır".

Ekspress.az