“Artım” layihə məkanında ilin ilk fərdi sərgisi
22.1.2018

Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında rəssam Vüsal İsgəndərin “Mənim taleyim deyil” adlı fərdi sərgisi açılacaq.

Fevralın 2-dək davam edəcək sərgidə rəssam Azərbaycanda qadınların mürəkkəb həyat şəraitini araşdırır. Rəssamın başlıca məqsədi, “stereotipləşdirilmiş” rol nümunələri ilə bağlı gözləntilər qarşılanmadıqda, qadınların üzləşdiyi sosial ayrı-seçkiliyi önə çəkməkdir. Rəssamın əsərləri qadınların məruz qaldığı psixoloji təsirlərə, qıcıqlara və ümidsiz görünən münaqişəli vəziyyətlərə toxunur. Belə ki, “Mənim taleyim deyil” təkcə “ittiham” yox, həm də düşüncə tərzimizi əks etdirməyə, müxtəlif həyat tərzlərini seçməklə və qəbul etməklə ümumi ideologiyalardan “yaxa qurtarmağı” təşviq etməyə çalışır.

“Birşey-mirşey var?” adlı instalyasiya müxtəlif güzgülər, qadın sonsuzluğu haqqında divar yazılarının yer aldığı otaqdan ibarətdir. Otağa daxil olan ziyarətçi güzgülərdə öz əksini görür və bununla da, rəssam ona “insan reproduksiyası” ilə bağlı sualını ötürmüş olur. Bu sual, şəxsi və ictimai nüfuzun, habelə xoşbəxtliyin qadının bu gözləntini nə dərəcədə “doğrultmasından” asılı olduğunu göstərməklə, qadının dünyaya uşaq gətirməklə bağlı öhdəliyini və bununla da qadının dəyərinin azaldılmasını tənqid edir.

“Qara yarpaqlı ağac” adlı mum heykəli, bir qayda olaraq ayrı-seçkilik, nəticə etibarilə yoxsulluq, sosial izolyasiya və zorakılıqdan əziyyət çəkən dul qadınların əlahiddə həyatına özünəməxsus yanaşmadır. Yanan şam, bir tərəfdən dul qadınların təhqirlərə məruz qalmasını, digər tərəfdən isə düşdükləri qorxunc durumdan qurtulmaqla bağlı ümidlərini təcəssüm edir.

“Sizdən əl çəkmərəm” instalyasiyası tavandan döşəməyə qədər sallanan kəndirlərdən və qara rəngli “Mentallıq” sözündən ibarətdir. Bu əsər, çox sərt ictimai quruluşlara görə qadınların üzləşdiyi məhdudiyyətləri araşdırır.

“İlk mənim ol!” adlanan otaq, gəlinlik libasına daxil olmaq ab-havasını yaradır. Otağın divarları ağ atlas parçaya bürünüb, pərdəlik parça isə pəncərələrin arasında ilişib qalıb. Rəssam bilavasitə pərdənin özünü, eyni zamanda, bakirəliklə bağlı bəzi mifləri sual altına qoyan himen (qızlıq pərdəsi) anlamını ehtiva edən “pərdə” sözünü araşdırır.

azertag.az