“Leyli və Məcnun” 110 ildir səhnədə
22.1.2018

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.

Teatrın mətbuat xidmətindən məlumat verilib ki, sözügedən operanın 110 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində Məcnun obrazını Xalq Artisti Məsum İbrahimov, Leyli rolunu isə gənc xanəndə Arzu Əliyeva canlandırıb. Səhnə əsərində Xalq Artisti Sabir Əliyev, Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və teatrın solistləri Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov və Vüqar Əliyev iştirak ediblər.

Opera Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.

azertag.az