“Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
22.1.2018

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “AppLab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.

Bu barədə şirkətə istinadən xəbər verilir.

2017-ci il 15 dekabr tarixindən 15 yanvar 2018-ci il tarixinə qədər davam etmiş növbəti qeydiyyat mərhələsində “müxtəlif İT” və “mobil əlavələr” kateqoriyalarına aid 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən konsepsiyaların müəllifləri “Bakcell” şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” Komissiyasının qarşısında öz ideyalarını təqdim etmək üçün dəvət olunacaqlar. Həmin komitənin qərarına əsasən, ən uğurlu layihələrin müəllifləri “AppLab” İnkubasiya Mərkəzinin geniş imkanlarından istifadə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2018-ci ilin fevralından başlayaraq seçilmiş komandalar “AppLab” İnkubasiya Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.

report.az