Fevralın 7-dən 9-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Tunc atlı” baleti nümayiş etdiriləcək.
Teatrın saytına istinadla xəbər verilir ki, “Mariya-2” səhnəsində fevralın 8-də nümayiş olunacaq səhnə əsərində Yevgeni obrazını gənc balet artisti Timur Əsgərov ifa edəcək.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
azertag.az