Mir Cəlal Paşayevin hekayələr toplusu Türkiyədə çap edilib
23.1.2018

Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyindən verilən xəbərə görə, yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir.

Kitabda Mir Cəlalın “Həkim Cinayətov”, “Bostan oğrusu”, “İclas qurusu”, “Kəmtərovlar ailəsi”, “İstifadə”, “Elçilər qayıtdı”, “Niyə ovdan ayaq çəkdim”, “Təzə toyun nəzakət qaydaları”, “Vətən yaraları”, “Susuzluq”, “Leyla”, “Müalicə”, “Plovdan sonra”, “Nazik mətləb”, “Xarici naxoşluq”, “Ay İsmayıl, başa sal”, “İnsanlıq fəlsəfəsi” kimi bir-birindən maraqlı, müxtəlif mövzulu, müxtəlif səpkili hekayələri yer alıb.

Kitab yazıçının qısa bioqrafiyası ilə başlayır. Bioqrafiyadan sonra gələn “Təqdim” bölməsində Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhat Kabaklı kitabın Türkiyədə çap olunması ideyasının yaranması, Mir Cəlal şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələrini bölüşərək deyir: “Türk Ədəbiyyatı Vəqfi olaraq, 2018-ci ildən etibarən Türk Dünyasının bütün coğrafiyalarına, türkcə danışılan hər bir Vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik. Bu hədəfə doğru ilk addım isə Azərbaycan Yazıçılar Birliyi ilə birgə atılıb. Belə ki, bu çərçivədə yayımlanan ilk əsər də Azərbaycan ədəbiyyatından - bu il 110 illik yubileyi qeyd olunacaq Mir Cəlalın “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı olub”.

Onun sözlərinə görə, bu əsərdə yer alan və hər biri oxucuda ciddi təsir oyadan hekayələr və Mir Cəlalın ədəbi şəxsiyyəti ilə bağlı təhlillər aparmaq mümkündür.

Kitabda “Ön söz” yerinə yazıçının 2005-ci ildə Azərbaycanda işıq üzü görən “Seçilmiş əsərləri”nə Yaqub İsmayılovun yazdığı “Ön söz”dən çıxarışlar əlavə olunub. “Ön söz”də Mir Cəlalın ədəbiyyata gəldiyi ilk illərdən başlamış bütün yaradıcılığını incəliklərlə təhlil edən Y.İsmayılov onun ayrı-ayrı hekayələrini mövzu və ideya baxımından qruplaşdıraraq, oxucuya sxematik mütaliə üçün yardımçı olur: “Diqqəti zahiri effektə yox, daxili mənaya, səciyyəvi əlamətə yönəltmək, obrazı konkret əməlləri, duyğu-düşüncələri, fərdi və ümumi cizgiləri ilə canlandırmaq Mir Cəlal sənətini dəyərləndirən keyfiyyətlərdəndir. Müəllifin əlvan mövzulu hekayələrində həyat bir rəngli deyil, müxtəlif sahələri, əxlaqi-tərbiyəvi motivləri, ailə-məişət məsələləri, adi əhvalatları, dərin mətləbləri, aktual və gərəkli hadisələri ilə tədqiq olunurdu. Yumoristik və satirik əsərlərində lirika olduğu kimi, lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruh vardı. Mir Cəlal ədəbiyyata “yeniləşən insan” surətləri də gətirdi. Əməkçi insanın, xüsusən Azərbaycan qadının taleyi, fikri-mənəvi təkamülü ədibi ciddi düşündürən problem idi”.

Əminik ki, qardaş ölkədə çap olunan bu kitab nəinki türkiyəli, eləcə də Türkiyə türkcəsində anlayan, mütaliə edən hər bir oxucu üçün Mir Cəlal yaradıcılığı və onun fonunda müəyyən dövr Azərbaycan ədəbiyyatı haqqında təsəvvürlər əldə etmək üçün əvəzsiz vasitə olacaq.

azertag.az