Ağır xəstə olan azərbaycanlı teleaparıcıdan xəbər var
26.12.2012

Hazırda Filippində müalicə olunan “Xəzər” TV-nin aparıcısı hacı Nuran Hüseynovun səhhətində irəliləyiş var.

Gun.az-a bu barədə Nuran Hüseynovun özü məlumat verib. O bildirib ki, hazırda müalicəsi davam edir və özünü yaxşı hiss edir.

“Xeyir körpüsü” verilişinin aparıcısı qeyd edib ki, Azərbaycana nə vaxt qayıdacağı məlum deyil. “Hələ ki, müalicəm davam edir. Səhhətimdə də irəliləyişlər var. Amma vətənə nə vaxt dönəcəyim məlum deyil”, - deyə Hacı Nuran əlavə edib.

Qeyd edək ki, Hacı Nuran "limfoqranulomatoz"dan, yəni limfa düyünlərinin böyüməsi xəstəliyindən əziyyət çəkir. O, əvvəl Avstriyada müalicə olunsa da, sonradan müalicəsini Filippində davam etdirib.

Xatırladaq ki, aparıcının müalicəsi üçün xeyriyyə elanı yayılmışdı. Ağır xəstəlik keçirən telejurnalistin müalicəsinə böyük miqdarda vəsait tələb olunurdu.