Paytaxtda hərəkətin təhlükəsizliyi ilə bağlı pilot layihə icra olunacaq
24.1.2018

Paytaxtda hərəkətin təhlükəsizliyi ilə bağlı pilot layihə hazırlanıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Adentlikdən bildirilib ki, BNA Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb. Əldə edilən nəticələr əsasında pilot təklif layihəsi hazırlayıb.

Qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.

Aşkar edilən çatışmazlıqlar

1. Səkilərdə və yolun ikinci hərəkət zolağında qanunsuz parklanmalar;

2. Xəbərdarlıq nişanlarının zəruri sayda olmaması;

3. Məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar var;

4. Fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması;

5. Qeyri-rasional yol istiqamətləri sürücüləri çaşdırır və çoxsaylı qayda pozuntusuna şərait yaradır;

6. Uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilər ayrılmayıb;

7. Ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması.

Layihədə əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcək.

Qeyd edək ki, 189 və190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda BNA-nın koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq.

trend.az