Cocuq Mərcanlıdan bir qrup ailə özünüməşğulluq proqramına cəlb olunacaq
24.1.2018

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov Salyan rayonunda həmin rayonun və Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Vətəndaşların müraciətlərində sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta münasibətləri və digər məsələlər əksini tapıb. Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb. Sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciətlər sorğu xarakterli olub və vətəndaşlara qanunvericiliyin müvafiq maddələrinə uyğun izahatlar verilib.

S.Müslümov vətəndaşlarla görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib, əldə olunan uğurların regionların hərtərəfli inkişafına da şərait yaratdığını vurğulayıb: “Xüsusilə bölgələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, aqrar sektorun ildən-ilə canlanması kənd yerlərində yaşayan əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayıb. Məsələn, təkcə son iki il ərzində pambıq istehsalının səkkiz dəfə artırılması şəraitində 200 minə yaxın insanın bu sahədə məşğulluğuna, gəlir əldə etmələrinə imkan yaradılıb. O cümlədən Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında aqrar sahələrin inkişafı tədbirləri əhalinin işlə təminatında mühüm irəliləyişlərə yol açıb. Digər tərəfdən, yeni sənaye parklarının, məhəllələrinin yaradılması bölgələrin əmək bazarında inkişaf meyllərinə səbəb olur. Keçən il Neftçala rayonunda da Sənaye Məhəlləsinin istifadəyə verilməsi buradakı əmək tutumlu yeni müəssisələrdə 500-ə yaxın insanın işlə təminatına imkan verib”.

Qəbul zamanı müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb, 2 nəfər sağlamlıq imkanları məhdud uşağa və 1 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilib. Eləcə də bir sıra şəxslərə müraciətlərinə uyğun olaraq məşğulluqlarının təmin edilməsi üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər təqdim olunub. Müraciətlərə əsasən, ayrı-ayrı şəxslərin reabilitasiya vasitələri, o cümlədən protez məmulatlarla təmin edilmələri, nazirliyin bərpa mərkəzlərində bərpa müalicəsinə, habelə aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları və s. tapşırılıb.

S.Müslümov bütün respublikada olduğu kimi, bu bölgədə də əmək bazarında stabilləşmənin müşahidə edildiyini və məşğulluq mərkəzlərinə iş üçün edilən müraciətlərin 2017-ci ildə əvvəlki illə müqayisədə azaldığını qeyd edib: “Ötən il həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində məşğulluq orqanları tərəfindən bu 5 rayon üzrə 2267 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub, 41 nəfər peşə hazırlığına, 70 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Özünüməşğullluq proqramı çərçivəsində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə də 84 aztəminatlı ailəyə aktivlər (mal və materiallar) alınıb verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində isə həmin rayonlar üzrə 500-ə yaxın ailənin qeyd olunan proqrama cəlb olunmaqla kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur”.

Cəbrayıl rayonundan olan məcbiri köçkünlərin də müraciətləri diqqətlə dinlənilərək cavablandırılıb, bu müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar konkret tapşırıqlar verilib. Məcburi köçkünlərin problemlərinin aradan qaldırılması yönündə aparılan işləri diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı parlaq tarixi qələbə minlərlə hektar torpağın işğaldan azad olunması ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də təhlükəsiz yaşayışın bərpasına imkan verib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqları əsasında qısa müddətdə böyük bərpa-quruculuq işləri aparılmaqla müasir tələblər səviyyəsində yaşayış infrastrukturunun yaradıldığı Cocuq Mərcanlıda yerli əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, xüsusən də burada yaşayan ailələrin özünüməşğulluq proqramında iştirakına əlverişli şərait yaradılması üçün müvafiq işlər görülür. Belə ki, bu il Cocuq Mərcanlı kəndindən də bir qrup ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur”.

İmtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə təmin olunması ilə əlaqədar müraciətləri cavablandıran S.Müslümov bildirib ki, dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə işlər ildən-ilə güclənir: “Həmin işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son üç ildə Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında da 61 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib”.

Qəbula gələn vətəndaşlar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi,

regionlarının sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı sahələrinin dirçəldilməsi və kənd rayonlarında əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

trend.az