Qəbələdə arıçılıqla məşğul olanların sayı artıb
24.1.2018

Dağlıq və düzənlik əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait var. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılıb. Görülən işlərin nəticəsidir ki, rayonda bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, son bir ildə rayonda 20 fiziki şəxs tərəfindən yeni fərdi arıçılıq təsərrüfatı yaradılıb və 140 yeni arı ailəsi formalaşdırılıb. Hazırda Qəbələdə arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 653-ə, arı ailələrinin sayı isə 1725-ə çatıb.

Qeyd edək ki, rayonda arıların qidalanması üçün 50-ə yaxın növdə bitki mövcuddur. Yaxşı bal əldə etmək üçün arı ailələrinə xüsusi qulluq göstərilir. Ötən il Qəbələ arıçıları 19 min 600 kiloqram bal istehsal ediblər ki, bu da əvvəlki ildəkindən 2100 ton çoxdur. Rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə iki dəfə artırılması nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir.

azertag.az