Gəncədə və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib
25.1.2018

Yanvarın 25-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Gəncədə və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbirlərdə biznes-inkubatorların yaradılması təşviq edilib, iştirakçılar biznes-inkubatorların əhəmiyyəti, biznes-inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə də məlumatlandırılıb.

Treninqlərdə iştirakçılara, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.

azertag.az