Xaçmazda 25 hektar ərazidə aqromeşə massivləri salınıb
25.1.2018

Xaçmazda yeni salınan meşə zolaqlarında meyvə ağacları da əkilir.

Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən ötən il 25 hektar aqromeşə massivləri salınıb.

Bu il isə meyvə tinglərinin əkilməsi üçün ilkin mərhələdə meşə fonduna aid torpaqlarda 5 hektar sahə hazırlanıb və ağac əkini həyata keçirilir. Yeni salınan aqromeşə massivlərində əsasən fındıq, qoz, şabalıd və şaftalı tingləri əkilir.

Müəssisədən bildirilib ki, həyata keçirilən tədbirlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Xaçmaz meşəbəyiliyinin ərazisində yeni salınan meşə zolaqları rayonun Hacıisaoba, Əhmədoba, Müzəffəroba kəndləri yaxınlığındakı ərazilərdir.

Qeyd edək ki, Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında 10 min hektara yaxın meşəlik var.

azertag.az