Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi qeyd olunub
26.1.2018

Yanvarın 25-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

Muzeyin direktoru, sənətşünasıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Azərbaycanda bəstəkarlıq məktəbinin 110 illik inkişaf yolu və nailiyyətlərindən söhbət açıb. O, dahi Üzeyir Hacıbəylinin əsasını qoyduğu bu məktəbin korifey nümayəndələri - Zülfüqar Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Bakıxanov, Səid Rüstəmov, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Əhməd Bakıxanov, Vaqif Mustafazadə, Elza İbrahimova, Şəfiqə Axundova və başqalarının milli musiqi xəzinəsinə töhfələrini qeyd edib.

Tədbirdə muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunub.

Muzeyin şöbə müdiri Xanım Abdinova, Əməkdar İncəsənət Xadimi Nərgiz Şəfiyeva, musiqiçilər ailəsinin yadigarı Telman Ağdamski və başqaları Azərbaycan bəstəkarlıq məktəbinin şedevrlərinin təkcə ölkəmizdə deyil, dünya miqyasında tanındığını, sevildiyini və təbliğ olunduğunu bildiriblər.

Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Musiqili Teatrının solistləri - Xalq Artisti Gülyanaq Məmmədova, Əməkdar Artist Səbuhi İbayev, tarzən Elxan Mansurovun, Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramı təqdim edilib.

azertag.az