Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalından qayıdıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının yaradıcı kollektivi festivalda yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını təqdim edib. Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar Artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən monotamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini üç dəfə yenidən nümayiş etdirib.
Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda, teatrımıza göstərilən etimaddır: “Bu festival İranın mədəni həyatında mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində yaradıcılıq əlaqələrinin genişlənməsi istiqamətində bir sıra görüşlər keçirildi. Beynəlxalq miqyaslı bu tədbirdə Almaniya, Şotlandiya, Böyük Britaniya, Türkiyə, Polşa kimi ölkələrdən tanınmış teatr kollektivləri ilə bərabər İran İslam Respublikasının Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərindən də teatr truppaları iştirak edirdilər. Bütövlükdə festival çərçivəsində meydan tamaşaları ilə birgə 500-ə qədər tamaşa təqdim ediləcək. Paytaxt Tehran şəhəri başda olmaqla İran İslam Respublikasının digər şəhərlərində də teatr sənətinə böyük maraq və sevgi hiss etdim. Bir sözlə, tam əminliklə demək olar ki, İran teatr sənəti inkişaf etmiş teatral ölkədir və teatra böyük maraq olan bir ölkədə tamaşa nümayiş etdirmək istənilən teatr kollektivi üçün çox əhəmiyyətli və vacibdir”.
Qeyd edək ki, yanvarın 18-də başlamış festival yanvarın 28-dək davam edəcək.
azertag.az