Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlar Akademiyasının tələbələrinin yazıçı Afaq Məsudun “Sərçələr” əsərinin motivləri əsasında çəkdikləri əsərlərdən ibarət “Xəyalımın illüstrasiyaları” adlı sərgisi açılıb.
Binəqədi Gənclər Evində təşkil olunan tədbirdə Gənc Psixoloqlar İctimai Birliyinin idarə heyətinin üzvü Aytac Abbasbəyli layihə barədə geniş məlumat verib. Bir-birindən fərqli səhnələri ifadə edən bu tabloların bütövlükdə “Sərçələr” əsərinin tam görüntüsünü yaratdığını, sərgiyə toplanan izləyicilərin bu rəsmlərlə sanki əsərə vizual səyahət etmiş olduğunu bildirib.
Xalq Rəssamı Arif Hüseynov ədəbiyyatın rəssamlıqla vəhdətinin maraqlı hadisə olduğunu və gələcəkdə A.Məsudun digər əsərlərinin də illüstrasiyalarından ibarət sərgilərin təşkil olunmasının izləyicilərdə böyük maraq doğuracağını qeyd edib. O, yazıçının yaradıcılığı, əsərlərinin fəlsəfi və psixoloji gücü haqqında danışaraq deyib: “Afaq Məsudun bir əsəri – onu, eyni zamanda, müxtəlif rəssamların ifadə etməyinə imkan yaradır. Bu gün burada sərgilənən əsərlər “Sərçələr” hekayəsinin yaratdığı müxtəlif səhnələrin toplusudur. Rəssamların sayı nə qədər artsa da, bu əsərdən doğan səhnələrin sayı heç vaxt tükənməyəcək”.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri çıxış ediblər.
Daha sonra gənc rəssamlar əsəri təhlil edərək fikirlərini bölüşüblər.
Sərgidə birinci yerə Kübra Binnətova, ikinci yerə İskəndər Məmmədov, üçüncü yerə isə Zöhrə Saatovanın əsərləri layiq görülüb. Gənc rəssamlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, sərgi fevralın 1-dək ziyarətçilər üçün açıq qalacaq.
azertag.az